Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 5-ci ildönümü qeyd edildi

13 fevral 2017 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin 1-ci mərtəbəsində  “Şəhidlər unudulmur” adlı sərgiyə baxmışlar.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında qısa film nümayiş etdirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 5-ci ildönümü münasibəti ilə təbrik edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Ötən 5 il ərzində Suraxanı rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda Xitmətin Suraxanı rayon İdarəsi ilə işgüzar münasibətlər qurulmuşdur.
İldə 4 dəfə “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası birgə təmin edilir. Rayonda təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınması və həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması bir ənənə şəklini almışdır.
Ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Suraxanı Rayon İcra Hakimiyyəti birgə vətəndaşlarımızın hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi məqsədi ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirmişdir. Belə tədbirlərin qarşıdakı illərdə də keçirilməsi nəzərdə tutulmuşdur.
İlqar Abbasov vurğulamışdır ki, Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir Azərbaycanlı  daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan Suraxanı rayonunun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdirmişlər. Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur. Hal-hazırda rayonumuzda yüzlərlə Qarabağ Müharibəsi veteranı yaşayır və Vətənini müdafiəsinə yenidən qalxmağa hazır olduqlarını dəfələrlə bildirmişlər.
Ölkəmizin son illərdə dinamik inkişafı ordumuzun güclənməsinə səbəb olmuşdur. Əsgərlərimizin döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. 
2016-cı il aprel ayının 2-də Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Ordumuzun əkshəmləsi nəticəsində qısa müddət ərzində ciddi tələfat verən erməni hərbi birləşmələri geri çəkildilər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim Ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir!" 
Bu gün Ordumuz cənab Prezidentin bir göstərişi ilə istənilən an ərazilərimizi azad etməyə hazırdır. Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silahlarla təchiz olunması, şəxsi heyətin peşəkar hazırlığı işğal olunmuş torpaqlarımızın tezliklə düşməndən azad edilməsinə əminlik yaradır.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarə rəisinin müavini-Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi cənab Vüsal Həsənov, şəhid Məmməd Cavadovun həyat yoldaşı və şəhid Hacı Cavadovun anası Saray Quliyeva, Suraxanı rayon Veteranlar Şurasının sədri, Qarabağ Müharİbəsi veteranı Eldar Rüstəmov çıxış etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarə rəisinin müavini-Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi cənab Vüsal Həsənov qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və rayonun ictimai həyatında fəal iştirakına görə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi, Xidmətin Suraxanı rayon İdarəsinin bir qrup əməkdaşı isə qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər