Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib

16 noyabr 2016 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 18 noyabr - Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü ilə əlaqədar Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakının Nəsimi, Nizami, Binəqədi və Suraxanı rayon məktəblərinin direktorları, müəllimləri və şagirdləri, məktəb psixoloqları, valideynlər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbiri  giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirıb ki, hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir.
Ölkə başçısının Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdi. Həmin il uşaq problemlərinin həlli istiqamətində həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən xeyli işlər görülmüş, böyük layihələr həyata keçirilmişdir.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Prezidentinin 29 mart 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın təsdiq edilməsidir.
Proqramın icrası istiqamətində bir sıra işlər görülmüşdür. Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində “Günərzi qayğı mərkəzi” fəaliyyət göstərməyə başlamışdır.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond uşaqların müdafiəsi istiqamətində davamlı layihələr reallaşdırır. Mövcud uşaq evləri və internat məktəbləri əsaslı təmir edilərək yenidən qurulmuşdur.
2011-ci il aprel ayının 5-də Yeni Günəşli yaşayış sahəsində Heydər Əliyev Fondunun tikdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reablitasiya mərkəzi”nin açılışı olmuşdur.
Afət Həsənova mövzunun aktual olduğunu qeyd edərək bildirib ki, son vaxtlar “Zorakılıqla mübarizə!” sözlərinə tez-tez rast  gəlirik. Əslində ölkə parlamenti tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı kifayət qədər qanunlar qəbul edilib. Lakin mövcud problemi təkcə qanunvericilik aktları ilə həll etmək olmaz. Bu məsələdə təbliğat işləri genişləndirilməli,  bu istiqamətdə daha cox tədbirlər keçirilməlidir. Bu baxımdan bugünkü “Status online: təhlükələr və onların qarşısının alınması” mövzusunda keçirilən tədbir mühüm əhəmiyyət kəsb edir.
Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur. Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür. Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlığa yaraşmayan hadisələrlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün mürəkkəbləşir və çətinləşir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır.
Sevinc Fətəliyeva Azərbaycanda dövlət səviyyəsində uşaq hüquqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib. O, Heydər Əliyev Fondunun uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Sevinc Fətəliyeva uşaqların internet təhlükəsizliyi ilə bağlı fikirlərini bildirərək bu məsələdə həm valideynlər, həm də uşaqların düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda, internet xidməti provayderlərinin və təhsil qurumlarının üzərinə düşür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçi Aysel Hadiyeva, Suraxanı rayonu 76 saylı orta məktəbin psixoloqu Yeganə Cabbarova və başqaları çıxış edərək bildiriblər ki, internetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilmələri, lakin zərərli kontentdən uzaq qalmaları üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır.
Tədbirdə çıxış edən şagirdlər isə uşaq hüquqlarından, internetdən istifadə məqsədləri haqqında danışıblar. Onlar öz yaşıdlarını internetdən səmərəli istifadəyə və təhlükəli saytlardan uzaq olmağa çağırıblar.

Keçidlər