Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2016-cı ilin1-ci yarısına yekun vuruldu

03 avqust 2016 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının social-iqtisadi inkişafının yekunları və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıda qoyduğu vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etdilər, önünə tər güllər qoydular.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən hesabat yığıncağında rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov Nazirlər Kabinetinin iclasında dövlət başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər, aprel ayında Ermənistanın növbəti təxribatı ilə bağlı Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində əldə olunan qələbə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar və görülən işlər barədə iştirakçılara məlumat verdi.
Rayon rəhbəri xüsusi vurğuladı ki, bu günlərdə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verib. İyulun 26-da isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev sərəncam imzalayaraq Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-na referendum təyin edib. Artıq referendumla bağlı hazırlıq işlərinə başlanılıb.
Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Bu islahatlarda başlıca hədəf dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Referendum Aktının layihəsinə əsasən Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı sentyabr ayının 26-da keçiriləcək referendum rayonumuzda yüksək səviyyədə təşkil olunacaq, Suraxanı sakinləri fəallıqları ilə seçiləcəklər.
Rayon rəhbəri daha sonra ötən 6 ayda Suraxanı rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Yarım ilin sosial-iqtisadi yekunları barədə məlumat verən rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da cari ilin 1-ci yarısında  sürətli sosial-iqtisadi inkişaf davam etdirilmiş, bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.
2016-cı ilin 6 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 132,1 milyon manat, tikinti-quraşdırma işləri  20,9 milyon manat, nəqliyyat xidmətləri 2,7 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 14,1 milyon manat, kənd təsərrüfatı 1,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi  176,3  milyon manat, orta aylıq əmək haqqı 555 manat təşkil etmiş, əhaliyə 99,8 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş,  2466 yeni iş yeri açılmışdır.
Cari ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “ATEF Sirkətlər Qrupu”nun Qaraçuxur qəsəbəsində İriqabaritli Transformatorlar Zavodu istifadəyə verilmiş, yeni Yüksəkgərginlikli Avadanlıqlar Zavodunun təməli qoyulmuşdur.
Bu dövr ərzində 937 p.m. yeni qaz kəməri çəkilmiş, 33 ədəd Transformator Məntəqəsində cari təmir işləri aparılmış, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 11800 p.m. su xətti çəkilmiş, 1300 p.m. istilik xətləri dəyişdirilmiş, qazanxanalarda cari və əsaslı təmir işləri görülmüş, rayonun küçə və yollarında cari təmir işləri görülmüş,  köhnə Bakı-Aeroport yolundan “Şuşa” köçkün şəhərciyinə gedən yol əsaslı təmir olunaraq asfaltlanmış, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun Zığ qəsəbəsi ərazisinə düşən hissəsində (5,0 km) işlərə başlanılmış, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmiş, ümumilikdə rayon küçələrinə 42,0 min kv.m. asfalt örtüyü salınmış, 1850 p.m. bordür düzülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2016-cı il tarixli Sərəncamı ilə 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,0 milyon manat ayrılmış və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tikinti işlərinin təmin edilməsi tapşırılmışdır.
Fürsətdən istifadə edib, Suraxanı rayonunun inkişafına böyük qayğı və diqqət göstərən hörmətli cənab Prezidentə öz adımdan və Sizin adınızdan minnətdarlığımı bildirirəm.
Hal-hazırda rayon əhalisinin 100,0 faizi elektrik enerjisi ilə,  98,0 faizdən çoxu məişət qazı ilə, 38%-i fasiləsiz içməli su ilə, 58%-i  isə qrafiklə təmin olunur.
Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 1,0 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 540 kv.m. olan müxtəlif ölçülü 13 ədəd gölməçə qurudulmuş, 25 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin noyabr ayının 5-dən başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində  Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13980 ədəd, o cümlədən 2016-cı ilin 6 ayı ərzində  3080 ədəd ağac əkilmiş və yaşıllaşdırma işləri davam etdirilir.
Rayon mənzil-kommunal təsərrüfatı birliyi tərəfindən 13 ünvanda nümunəvi abad məhəllə salınmış, mövcud “Nümunəvi abad məhəllə”lərdə  təmir-bərpa işləri aparılmış, 5993,0 kv.m. dam örtüyü  təmir edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilmiş və müxtəlif tədbirlər keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 65 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, onun Elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanmış, mərkəzi icra hakimiyyəti orqanları, elmi və təhsil müəssisələri, digər dövlət orqanları ilə birgə 2009-cu ildən bəri Mərkəzdə 182 tədbir keçirilmişdir. Ulu Öndər Heydər Əliyev zəngin irsinin öyrənilməsi məqsədi ilə yuxarı sinif şagirdlərinə açıq dərslərin keçirilməsi davam etdirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü illiyi ilə əlaqədar keçirilən tədbirdə açıq dərslərə yekun vurulmuş, fərqlənən müəllimlər mükafatlandırılmışlar.
Sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə 41 tədbir keçirilmiş, bu tədbirlərdə 9300 gənc və yeniyetmə iştirak etmişdir. İdman sahəsi üzrə isə 9350 idmançının iştirakı ilə 43 tədbir təşkil olunmuş, rayon məktəblilərinin 28-ci Spartakiadası keçirilmiş, Bakı şəhər birinciliyində 12 idman növü üzrə keçirilən Spartakiadada ümumi hesabda rayon idmançıları 3-cü yerə layiq görülmüşlər.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə 15 fevral-15 may tarixlərdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla başa çatmış, 172 min 789 nəfər vətəndaş və 139 kollektiv, yəni tibbi müayinədən keçməsi nəzərdə tutulanların 86,2% müayinədən keçmişdir. Tibbi müayinədən keçən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
2016-cı ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 339 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 1453 nəfər sakinin iştirakı ilə keçirilmiş 25 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.
2016-cı ilin 6 ayı ərzində rayonun aidiyyəti idarələri tərəfindən 8248 nəfərə 3 milyon 600 min manatdan artıq sosial müavinət ödənilmiş,  2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardım göstərilmiş, 208 nəfər tənha, əlil vətəndaşa evlərdə sosial xidmət göstərilmiş, 41 nəfər imtiyazlı və əlil vətəndaş reabilitasiya mərkəzinə, pansionat və sanatoriyalara göndərilmiş, Rayon Məşğulluq Mərkəzinə 4870 nəfər işaxtaran vətəndaş müraciət etmiş, müraciət edənlərdən 853 nəfəri işlə təmin edilmiş, 374 nəfərə işsiz statusu, 392 nəfərə isə işsizlik müavinəti verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı tapşırığı tərəfimizdən icra edilmiş, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 300 nəfər işsiz vətəndaş ödənişli ictimai faydalı abadlıq-yaşıllaşdırma işlərinə və 221 nəfər yaşayış binalarının cari təmiri işlərinə cəlb edilmiş, ümumilikdə bu proqram çərçivəsində 1072 rayon sakini işlə təmin edilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun və RİH-in birgə təşkilatçılığı, 100 nəfər sahibkarın iştirakı ilə rayonda 1 kredit yarmarkası keçirilmiş, 2 sahibkara 20,0 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir.
Cari ilin 6 ayı ərzində Əmircan, Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsilə 4372 nəfər vətəndaşa səyyar formada xidmətlər göstərilmişdir.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının fəaliyyəti davam etdirilmiş və 2016-cı ilin 6 ayı ərzində əhaliyə 343 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayon rəhbəri bildirmişdir ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Bakı şəhərinin digər rayonları ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinə də rayon ərazisində uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan 63 yaşayış binasının, habelə yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, bu işlərin görülməsini öhdəsinə götürən tikinti şirkətlərinin cəlb edilməsi tapşırılmış və bununla əlaqədar tərəfimizdən müəyyən işlər görülmüşdür.
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasının eskiz layihəsi tərtib olunmuş, ərazi planlaşdırılması sənədləri  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmışdır.
Eyni zamanda Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 mərtəbəli yaşayış binasının sökülərək əvəzinə yeni yaşayış binalarının inşa olunması məqsədi ilə tikinti şirkətləri ilə danışıqlar aparılır.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunmuşdur. Hesabat yığıncağında Milli Məslisin deputatı Ağacan Abıyev çıxış etdi.
Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı:  “Dövlətimizin başçısı cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.

Keçidlər