Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 28-də 23 yaşı tamam olan Şəhidimiz Babayev Əmirxan Mirilham oğlunun doğum günündə anılıb.

28 noyabr 2021 | 16:00

Suraxanı rayonunda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində onların xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını almışdır.

Noyabrın 28-də 23 yaşı tamam olan Şəhidimiz Babayev Əmirxan Mirilham oğlunun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHBA-nın və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, din xadimləri Şəhidin məzarını ziyarət edərək doğmalarına baş çəkmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov bildirmişdir ki, əzəli torpaqlarımızı 30 ildən sonra qısa müddətdə düşmən tapdağından xilas edib, xalqımıza qələbə sevincini yaşadan ölməz qəhrəmanlarımız arasında Azərbaycan Ordusunun əsgəri Əmirxan Babayevin də şərəfli adı var. Şəhidin ailəsinin qayğıları ilə maraqlanan Əziz Əzizov Əmirxan Babayevin timsalında bütün şəhidlərimizin hər zaman xalqımızın yaddaşında qalacağından, onların gələcək nəsillərimiz üçün örnək olacağından danışmışdır.

Qeyd edək ki, Vətən müharibəsində fəallığına görə fərqlənən Əmirxan 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.

Əmirxan Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər