Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

05 noyabr 2021 | 16:00

44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan xalqımızı və tədbir iştirakçılarını Zəfər günü münasibəti ilə təbrik etmiş və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

RİH başçısı Əziz Əzizov prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsi olaraq biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Qalib Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Həmçinin, dövlətimiz tərəfindən Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edən RİH başçısı qeyd etdi ki, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Zəfəri bizə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, canını fəda edən şəhidlərimiz və qazilərimiz bəxş edib. Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Bu əmanəti qorumaqla gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi, Qarabağ qazisi və Şəhid qardaşı Rauf Məmmədov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov çıxış etmişdir.

Həmçinin, Ateshgah Art Centre-in rəhbəri Aytən xanım Həsənova çıxış edərək Şəhid ailələrinə “İpək Yolu”, “Zadagan”, “Gilabi Ceramics”, “Buta class” yerli brendlərinin hədiyyələrini təqdim etmişdir.

Zəfər gününə həsr olunmuş video rolikin nümayişi, aktyor, Respublikanın Əməkdar artisti Ağalar Bayramovun çıxışı, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimlərinin müşayiəti altında Suraxanı rayon gənci Gülyaz Həsənzadənin ifası ilə davam etdirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunan şəhid və qazilərin orden və medallarının təqdimetmə mərasimi keçirilmişdir.

Tədbirin sonunda 87 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Qalib Azərbaycan Xalqı” adlı tamaşa nümayiş etdirilmişdir.

Keçidlər