Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 21 yaşında Şəhidlik zirvəsinə ucalan leytenant, Əliyev Samir Əliheydər oğlunun doğum günüdür.

09 avqust 2021 | 16:00

Bu münasibətlə avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, Şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbiçi yoldaşları Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək Suraxanı RİH tərəfindən onun adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimində iştirak etmiş, ruhuna dualar oxumuş və doğmalarına dərin hüznlə baş sağlığı vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək Samir Əliyevi boya-başa çatdıran anası Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkür etmiş, torpaqlarımızın müdafiəsi naminə canlarından keçmiş və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Tədbirdə Şəhidimizin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq bütün Şəhidlərimizin müqəddəs ruhu ehtiramla yad edilmiş, Samir Əliyevin təhsil aldığı 55 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmiş, sülh rəmzi olan göyərçinlər havaya uçurdulmuşdur. Həmçinin, müəllifi Mahirə xanım Qarayeva olan, Samir Əliyevin əziz xatirəsinə həsr olunmuş “Oyan, Baş Leytenant” adlı kitabın təqdimetmə mərasimi də keçirilmişdir.
Daha sonra tədbir iştirakçıları Şəhidin dəfn olunduğu II Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzmüşlər.
Qeyd edək ki, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən leytenant Samir Əliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 29.09.2020-ci il tarixində Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv etmiş, düşmən tankını geri çəkilməyə məcbur etmişdir. Yaralı olmasına baxmayaraq digər yaralı yoldaşlarına yardım edərək onları təhlükəli istiqamətlərdən çıxaran Samir Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı Şəhid olmuşdur.
Şəhidimiz Samir Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Keçidlər