Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, İyulun 25-i Vətən müharibəsinin Şəhidi Baş leytenant Hüseynov Orxan Bəhman oğlunun 30 yaşı tamam olur.

25 iyul 2021 | 16:00

Şəhidlik zirvəsinə ucaldıqdan sonra Orxanın qeyd olunan ilk doğum günü Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə  Suraxanı RİHBA-nın məsul əməkdaşları, YAP Suraxanı rayon təşkilatının sədri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin, Suraxanı Gənclər evinin əməkdaşları, eləcə Şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri, rayon sakinləri və gənclər iştirak etmişlər.
Tədbirdə Dövlət himnimiz səsləndirilərək Şəhidin məzarı önünə gül dəstələri düzülmüş, onun əziz xatirəsi ehtiramla yad edilmiş və ruhuna dualar oxunmuşdur. Orxanın hərbiçi yoldaşları çıxış edərək Şəhidimizin döyüş yolundan fəxr hissi ilə bəhs etmiş, ona Allahdan rəhmət diləmiş və valideynlərinə belə igid, cəsur oğul yetişdirdiklərinə görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, 2008-ci ildə Cavanşir Rəhimov adına 146 saylı tam orta məktəbi bitirən Hüseynov Orxan Bəhman oğlu 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2013-cü ildə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2014-cü illərdə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, ixtisasını daha da mükəmməl səviyyəyə çatdırmış və Qusar şəhərində yerləşən N saylı hərbi hissədə tağım komandiri olaraq hərbi xidmətə başlamış, düşmənlə ən yaxın məsafədə olan postlarda qulluq etmişdir. Son dərəcə istiqanlı və savadlı zabit, öz nümunəvi xidməti ilə hər zaman xüsusi rəğbət qazanan Orxan yüksək nailiyyətlərinə görə fəxri fərmanlarla təltif olunmuşdur.
Orxan Vətən müharibəsində döyüş zamanı Suqovuşanın azad olunmasında 12 düşmən postunu ələ keçirərək və yaralı əsgərlərini minalı sahələrdən çıxararaq böyük şücaət göstərmişdir. Düşmənin minatanlarının atəşi nəticisində çoxlu sayda qəlpə yarası alan Orxan oktyabrın 5-də Şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər