Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ yenidən dünyanın mədəniyyət, incəsənət beşiyinə çevriləcək, Qarabağ yenidən dünyaya səs salacaq!”

24 noyabr 2020 | 16:00

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva: “Qarabağ yenidən dünyanın mədəniyyət, incəsənət beşiyinə çevriləcək, Qarabağ yenidən dünyaya səs salacaq!”

Deyir, “Bilirsən necə torpağımız var idi?! Əlindən bir çəyirdək düşsə dərhal cücərərdi”.
Həyəcanlı bir səslə nələr nələr ötürülərmiş insana- fəxarət, sevinc, həyəcan, yarım qalan, əlindən alınmış uşaqlıq, gənclik xatirələrinin yenidən qaytarılması, 30 ilə yaxın görə bilmədiyi ata ocağının istisini hiss etmək, itirdiyi valideyinlərinin ruhlarının rahatlığa qovuşduğu günü görmək xoşbəxtliyi...
Uşaqlığımızdan bizə, daha sonra isə övladlarımıza ötürdüyü Ağdam xatirələrini anam bu dəfə daha böyük həyəcan və sevinclə danışırdı.
Danışa danışa da Ümummilli Lider Heydər Əliyevin videosunu göstərirdi hamımıza. “Baxın hamısını necə düz deyirdi, Ağdam sənaye mərkəzi idi, Dağlıq Qarabağa gedən strateji əhəmiyyətli yolun üzərində yerləşirdi. Münbit torpaqlarımızda yetişməyən məhsul yox idi. Bütün dünyada məhşur idi Qarabağ atları.”
90-cı illərdə Sovet İmperiyasının tərkibindən yenicə çıxmış və heç bir müstəqil, nizamlı orduya malik olmayan Azərbaycanın, yüzlərlə qəhrəman oğulları Vətənin müdafiəsinə qalxsa da, yox səviyyəsində olan silah sursat və hərbi texnikasızlıq səbəbilə torpaqlarımızın işğalının qarşısını ala bilməmişdilər. Qarabağ müharibəsində iştirak edən əkiz dayılarımın hər ikisindən çox eşitmişdim o vaxtkı hərbi vəziyyəti və əliyalın insanların çarəsizliklərini. Lakin müstəqillik əldə etdikdən sonra qüdrətlənən Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 gün ərzində bütün dünyaya sübut etdi.
Azərbaycanımızın dünyada igidlik nümunəsinə çevrilmiş qorxmaz ordusu və bu ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində minlərlə insan bu həyəcanı, bu sevinci yaşadı. Tarixi Azərbaycan torpaqları, ata-baba yurdumuz, Vətənimiz Qarabağ, Ağdam bizə qayıtdı!
İllər ərzində beynəlxalq siyasi arenalarda ermənilərə verdiyi cavabları və ortaya qoyduğu tarixi faktları ilə bizə fəxarət hissi yaşadan Prezidentimiz, bu dəfə döyüş meydanında torpağı işğal olunan bir azərbaycanlının nələrə qadir olduğunu göstərdi.
Fəxr edirik, bu yolda canından, sağlamlığından, gəncliyindən keçən bütün qəhrəmanlarımızla!
Fəxr edirik bizə bu sevinci yaşadan qəhrəman Ali Baş Komandanımızla!
Qarabağı yenidən quracağıq, Qarabağı yenidən gözəlləşdirəcəyik!
Qarabağ yenidən dünyanın mədəniyyət, incəsənət beşiyinə çevriləcək, Qarabağ yenidən dünyaya səs salacaq!

Keçidlər