Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ölkəmdə zəfər yelləri əsir, müqəddəs diyarımın hər yerində üç rəngli bayrağım qürurla dalğalanır!

13 noyabr 2020 | 16:00

Bu torpağın hər bir yeri Vətəndir. Qarışına qurban olduğum, havasına doymadığım, kimliyim, mənliyimdir Vətən! Bütovlüyü, tamlığı üçün həyatından pay verənlərin müqəddəsləşdirdiyi, ülviləşdirdiyi igidlər oylağıdır Vətən! Hansı kəlməyə sığdırım sevgimi, hansı cümlədə ifadə edim sənə olan bağlılığımı... Tarixlərin sınağından çıxmış, bəzən küsdürülmüş, bəzən yarası qanadılmış, içində qovrulanan əyilməmiş qürurumdur Vətən! İsmətimdir, şanımdır Vətən! Kiçiyindən, böyüyədək can fəda edə biləcək həmvətənlilərimin tən olduğu ülviyyətim, birliyim, gücümdür Vətən! Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi.
Sentyabrın 27- dən başlayan Vətən savaşında hər anımız Vətən dedi, Ölənimizin əvəzinə qalanımız Vətən dedi! Bu günlər hər birimiz yenidən doğulduq, var olduq, dünyaya kimliyimiz bəlirləndi. Tarix yaradıldı, tarix yazıldı. O tarix ki, sərkərdəliyin, yenilməzliyin örnəyin yaratdı! O tarix ki, bir kəlmənin işığında, minlərin birliyinə yol açdı. O tarix ki, haqq savaşında kağız üzərində qalan hüququ bərpa etdi, susmuş vicdanları dindirdi, görmək istəməyən gözlərin min illər boyu nəsillərinin görəcəyi, söyləyəcəyi, dərs çıxaracağı, öyrənəcəyi dastan oldu !
Dünəndən bu günə gələn yolun məntiqi nəticəsi, addım-addım yoğrulan, düşünülən, gecəli-gündüzlü yorulmaz fəaliyyətin, xalq birliyinin təntənəsi. Ermənistan tərəfindən 30 il əvvəl işğal olunmuş torpaqlara qayıdış hüququnun bərpası. Ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə əmanət qoyduğu müstəqil Azərbaycanımız bu gün ən qürurlu günlərini yaşayır. Prezident İlham Əliyevin hər zaman “Biz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik! Ərazi bütövlüyümüz heç bir zaman müzakirə mövzusu ola bilməz!” qətiyyətlə və inamla səsləndirdiyi bu fikirlər bu gün qürur tariximizə çevrildi. Cənab prezidentin sərkərdəliyi, sözünün dəyəri, liderliyi tarixə qızıl həriflərlə həkk olundu, örnək yaratdı!
Azərbaycan dövləti olaraq dəfələrlə işğalçı ölkəyə bəyan edilmişdir ki, bizim səbrimizi sınağa çəkməsinlər, öz işğalçı siyasətlərindən əl çəksinlər. Münaqişənin ilk günlərindən hər kəsə bəlli idi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkdir. 30 ildir ki, Azərbaycan dövləti və xalqı səbr və dözümlə onların mənfur niyyətlərindən əl çəkmələrini gözlədi. Lakin bir-birini əvəz edən erməni-faşist xuntaları getdikcə kriminallaşdı, nəinki qonşu xalqlara, hətta öz xalqına qarşı da bəlaya çevrildi. Erməni daşnaklarının bütün dünyaya yönəlmiş cinayətkar əməllərini anlamaq üçün sadəcə tarixi varaqlamaq kifayətdir. Onlar əsl kimliklərini gizlətməyə çalışsalar da, törətdikləri cinayətlərin izini, ağrısını, fəsadlarını, nəticələrini ört-basdır edə bilmədilər. Ermənilərin hərəkətlərinə göz yumanlar, tarixi həqiqətləri saxtalaşdırmaqla, baş verməyən “erməni soyqırımları”nı dəstəkləməklə və s. kimi ermənipərəst mövqe tutanlar, onların azğınlaşmasına yol açan siyasi güclər əslində bəşəriyyəti daha bir uçurum - faşizmdən daha betər şovinist, barbar, monoetnik erməni neonasizmi təhlükəsi ilə üz-üzə qoydular. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr yerinə yetirilmədi. Eyni zamanda, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozmasına baxmayaraq, müxtəlif təxribatçı bəyanatlar səsləndirməklə bərabər, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçirtdilər. Ermənistan rəhbərliyinin, eləcə də işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələri tərəfindən ölkəmizi təhdid edən çıxışlar və əsassız iddialar dünya birliyi tərəfindən sükutla qarşılandı, qınaq obyektinə çevrilmədi, xüsusilə münaqişəni nizama salmaq üçün vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat cavabları eşidilmədi. Məhz haqsızlığa, ədalətsizliyə, Xocalı soyqırımı kimi cinayətlərə dünyanın göz yumması, sonradan bir çox cinayətlərə yol açdı. Bu mənada Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər, dünyanı qorxunc bir bəladan xilas etdi, mənfura layiq olduğu yeri göstərdi, rəşadətli ordumuzun igid övladları canları, qanları bahasına ədalətin kor qalan gözünə işıq oldular! Bütün təziqlərə, ikili standartlara, iftiralara baxmayaraq, Ali Baş Komandan bir an belə öz qərarından geri durmadı, xalqına güvənərək əsl liderlik mövqeyini ortaya qoydu, el oğlu kimi sinəsin irəli verdi! Bu gün ölkəmdə zəfər yelləri əsir, müqəddəs diyarımın hər yerində üç rəngli bayrağım qürurla dalğalanır. Şuşamda azanım sələnir, Xarı bülbülüm torpaq altından çıxır doğma nəfəsə boylanır ...
Cənab prezidentin qeyd etdiyi kimi: “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq”. Bayrağımızın daima zirvələrdə dalğalanması naminə, torpağımızın bütovluyü, tamlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, bu qüruru bizlərə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan xalqının güvənc yeri olan Cənab Prezidentimizə, rəşadətli ordumuzun igid oğullarına təşəkkür edirik! Gözün aydın Azərbaycan!

YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva

Keçidlər