Şriftin ölçüsü :

Saytın rəngi :

Bizim mübarizəmiz haqq mübarizəsidir!

05 noyabr 2020 | 16:00

Bildiyimiz kimi, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibə verdi. Müsahibədə Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlanan müharibə və bunun tarixi özəyi, eləcə də digər siyasi məsələlər müzakirə olundu. Görüşdə cənab Prezidentə ünvanlanan ilk sual "Kim birinci atəş açdı?" oldu və İlham Əliyev bildirdi ki, ilk olaraq münaqişəni başladan tərəf hər zamankı kimi Ermənistan oldu və Azərbaycan tərəfi bəlli sayda hərbçi və mülki şəxs qurban verdi. Müsahibənin gedişində atəşkəsin pozulması və sülh haqqında, beynəlxalq vasitəçilik, yeni vasitəçilik haqqında, beynəlxalq hüquq müdafiə təşkilatları haqqında və hətta ölkəmizin daxili siyasəti haqqında bir sıra məsələlərə toxunuldu. Qeyd edim ki, almaniyalı jurnalistin hər növbəti sualında onun bitərəflikdən, haqq ədalətdən uzaq mövqeyi daha aydın hiss olunurdu. Lakin müsahibə ilə tanış olan hər bir vətəndaş kimi mən də cənab Ali Baş Komandanımız İlham Əliyevin kəskin, tutarlı və eyni zamanda səbrli, təmkinli cavabları ilə fəxr etdim və bir daha əmin oldum ki bu cür iti zəkalı, mərd, uzaqgörən bir rəhbəri, sərkərdəsi olan xalqın kürəyi yerə dəyməz!
Sözügedən müsahibədə Prezident İlham Əliyev məsələnin hüquqi tərəflərini diqqətə çatdırdı və Ermənistanın işğalçı dövlət olduğu faktını, bu haqsız mübarizələrini 30 ilə yaxındır ki, davam etdirdiklərini, lakin beynəlxalq təşkilatların - Minsk qrupunun həmsədrlərinin, BMT təhlükəsizlik şurasının üzvlərinin, eləcə də "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının öz missiyalarını yerinə yetirmədiklərini, bütün sülh danışıqlarının nəticəsiz qaldığını bildirdi. Jurnalistin verdiyi absurd suallardan biri guya bizim kasetli bombalardan istifadə etməyimiz idi ki, ermənilərin öz etdikləri murdar əməlləri bizim boynumuza yıxmağa çalışmaqları, erməni təxribatı nəticəsində ölmüş körpələrimizin şəkillərini özlərininki kimi qələmə verməsinə, ağ yalan danışmaq üzrə lider xalq olmaqlarına öyrəşməmizə baxmayaraq, məhz onların bizim dinc əhalimizə atdıqları, neçə-neçə azərbaycanlı ailəni gözüyaşlı qoyan kasetli bombalardan guya bizim ermənilərə qarşı istifadə etməyimizi iddia etmələri insanın səbr kasasını daşıran son damla olmağa bəs idi. Lakin ölkəmizin haqlı mövqeyini dünyaya car çəkən Prezidentimiz səbrlə qeyd etdi ki, "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarını kasetli bombanı kimin kimə atdığına baxmaq üçün dəfələrlə dəvət etsək də, gəlməkdən imtina ediblər. O, raketlərin buraxılmağını əks etdirən peyk görüntülərinin olduğunu da vurğuladı. Alman jurnalistin insanı heyrətləndirən digər sualına keçid edək:"Qarabağ niyə sizin üçün önəmlidir? Resurslarla zəngindir, ona görə?" Bu sual hələ valideyn olmamış birinin bir neçə övladı olan, lakin övladlarından birini itirmək üzrə olan valideynə "Onun üçün niyə üzülürsünüz? Çox savadlı idi ona görə? Axı sizin digər övladlarınız da var?!" sualını verməsinə bənzəyir ki, Ali Baş Komandanımız kəskin və məntiqli cavabı ilə bu məntiqsiz sualı da uğurla cavablandırdı və tarixi əsaslarla, faktlarla Qarabağın qədimdən bəri Azərbaycanın bir hissəsi, bölünməz parçası olduğunu, ermənilərin Rusiyanın sayəsində Dağlıq Qarabağa sonradan gəldiklərini, cəmi 200 ildir ki, orada yaşadıqlarını qeyd etdi. Müsahibənin digər mərhələsində isə Ermənistanı dəstəkləyənlərin olduğunu və sanki belə də olmalı olduğunu vurğuladı, ancaq Azərbaycanda nə üçün Türkiyə hərbçilərinin olduğunu açıq bir kinayə ilə xəbər aldı, lakin, cənab İlham Əliyev öz sərrast mühakiməsi ilə yenə də ölkəmizin haqlı mövqeyini ortaya qoydu.
Bütün bunlarla yanaşı, Cənab Prezident qeyd etdi ki, Azərbaycan tərəfi hər zaman sülhə, danışıqlara hazırdır, Ermənistan tərəfi yerdə qalan əraziləri qeyd-şərtsiz boşaltmağa razı olsa, münaqişə danışıqlar masası arxasında sonlana bilər. Bu da daima öz ölkəsini, vətəndaşlarını, onların əmin-amanlığını və dincliyini düşünən uzaqgörən bir liderimiz olduğunun bariz nümunəsidir. Amma əfsuslar olsun ki, qarşı tərəf bunu etmək istəmir, əksinə vəziyyəti daha da gərginləşdirmək, üçüncü ölkəni münaqişəyə cəlb etmək üçün humanitar atəşkəsin tələblərini bilərəkdən pozur. Bu da hərbi terrordan başqa bir şey deyil və əgər bu məsələdə hakim mövqeyində olanlar Ermənistana "Dur!" desələr, onlar bu qədər irəliyə gedə bilməzlər! Ona görə də güclü Azərbaycan Ordusu öz legitim və beynəlxalq hüquqa əsaslanan əməliyyatlarını aparacaq və torpaqlarımızı işğaldan azad edəcəkdir!
Uğurlar, cənab Ali Baş Komandan, uğurlar güclü Azərbaycan Ordusu, biz sizinləyik, qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Suraxanı rayonunun fəal gənci Türkan Bayramova

Keçidlər