Şriftin ölçüsü :

Saytın rəngi :

Bu çətin və şərəfli günlər xalqımızın qızıl hərflərlə yazdığı tarixin şanlı səhifələridir!

29 oktyabr 2020 | 16:00

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün apardığı uğurlu hərbi əməlliyyatların davam etdiyi bu çətin və şərəfli günlərdə bir çox siyasi təzyiqlər qarşısında qətiyyətli addımlar ataraq xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutan, öz müdrik və uzaqgörən siyasəti ilə düşmənini belə heyrətləndirməyi bacaran bir Lider olaraq tariximizdə yenidən şanlı səhifələr açan cənab Ali Baş Komandanın dünya miqyasında Azərbaycanı qalib bir dövlət olaraq tanıtması hər birimizi ziyadəsi ilə qürurlandırır. Son zamanlarda prezidentimiz cənab İlham Əliyevin dünya mətbuatına verdiyi çoxsaylı müsahibələr onun nə qədər uğurlu bir siyasətçi olduğunu bir daha sübut edir.
90-cı illərin əvvəlində Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı müharibədə baş verən faciələr səriştəsiz idarəçiliyin ən böyük təzahürü idi. Bunun nəticəsində torpaqlarımızın 20 faizi itirilmiş, Azərbaycan bir dövlət olaraq yox olma təhlükəsi ilə üz-üzə qalmış, bu təhlükədən Ulu Öndərin bacarıqlı siyasəti ilə son anda qurtula bilmişdi. Ulu Öndər Heydər Əliyev torpaqların itirilməsi ilə barışmamış, müvəqqəti atəşkəs imzalamaqla Azərbaycan sabit bir ölkəyə çevrilmiş və iqtisadi cəhətdən inkişaf etməyə başlamışdı. Çünki Ümummilli Liderimiz bilirdi ki, müharibədə əldə ediləcək hərbi uğurların yolu iqtisadi inkişafdan keçir. Və bu iqtisadi inkişaf onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. 90-cı illərdə zəif bir dövlət olaraq tanınan Azərbaycan bu gün dünyaya günəş kimi doğur. Bunun ən bariz nümunəsi isə cənab Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən hərbi- siyasi uğurların Azərbaycanın tam qələbəyə, heç zaman olmadığı qədər, çox yaxın olduğunu göstərməsi, ölkəmizin regionda güclü br dövlət olaraq tanınmasıdır. Əldə etdiyi bütün uğurlara baxmayaraq bu gün Azərbaycan humanitar atəşkəs şərtlərinə tam əməl edir, mülki şəxsləri və obyektləri hədəf almır, münaqişənin öz ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə nizamlanmasını mümkün hesab edir.
Azərbaycan Türkiyə kimi böyük, güclü və çox yaxın bir müttəfiqindən sadəcə siyasi dəstək aldığı halda, Ermənistan ona dəstək verən bir çox ölkələrdən milyardlarla dollarlıq pulsuz silah alır, cəbhədə muzdlu əsgərlərlə döyüşür. Lakin cənab Prezidentin də dediyi kimi, bu cür hallar bizi haqq yolumuzdan döndərə bilməz.
Bu çətin və şərəfli günlər xalqımızın qızıl hərflərlə yazdığı tarixin şanlı səhifələridir. Və bu şanlı səhifələr cənab Ali Baş komandanın imzası ilə yazılır. Azərbaycan xalqı hər zaman Sizinlədir, cənab Ali Baş Komandan!

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə

Keçidlər