Şriftin ölçüsü :

Saytın rəngi :

Qürur və fəxarət duyduğumuz, and yeri saydığımız Müstəqil Azərbaycanın hər qarış torpağı hamımız üçün olduqca əziz və o qədər də dəyərlidir.

22 oktyabr 2020 | 16:00

Təəssüflər olsun ki, əsrlər boyu torpaqlarımıza erməni işğalçıları tərəfindən təcavüz edilmiş, qətliyamlar törədilmiş, insanların başına min cür bəlalar gətirilmişdir.
Azərbaycanlıların qanına susayan ermənilər əsrlər boyu törətdikləri faciələrə sadiq qalaraq, keçən əsrin 90-cı illərindən bugünədək torpaqlarımızı işğala məruz qoymuş, on minlərlə azərbaycanlını qətlə yetirmişlər. Onlar tərəfindən "Xocalı soyqırımı" törədilmiş, Dağlıq Qarabağ və onun ətraf rayonları işğal olunmuşdur.
30 il ərzində Azərbaycan dövləti bu ağır, məşəqqətli və ədalətsiz erməni təcavüzünə qarşı öz dəyanətli xalqı ilə birgə mübarizə aparmış, dünya dövlətlərinə haqq səsimizi çatdırmış, ədalətin bərpa olacağına inanmışdır.
Sevindirici haldır ki, Ulu Öndərin özü qədər inandığı siyasi varisi, Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa olan sevgisi ilə xalqın böyük əksəriyyətinin məhəbbətini qazandı. Ölkədə Xalq-Ordu və rəhbər birliyi yarandı.
Qısa zaman kəsiyində istər daxili, istərsə də xarici siyasətdə böyük uğurlar qazanıldı. İlham Əliyevə xalqın inamı daha da artdı. Dünyanın yüksək tribunalarında haqq səsimiz cənab Prezidentimiz tərəfindən daha gur, daha qətiyyətlə səslənməyə başladı. Ölkənin iqtisadi inkişafı, ordu quruculuğunda aparılan yeni islahatlar və regionda Azərbaycanın söz sahibinə çevrilməsi, artıq Dağlıq Qarabağ və işğal altında qalan torpaqlarımızın tezliklə azad olunacağından xəbər verirdi.
Adi insan səhər öz evindən çıxanda axşam yenidən isti ocağına qayıtmağa çalışır. Təbii ki, 30 il torpaq həsrəti ilə yaşamaq çox çətindir. Dəfələrlə Ali Baş Komandan bu həsrətə son qoyulacağını, hər bir məcburi köçkünün öz isti ocaqlarına qayıdacağını deyirdi. Cənab Prezident insan itkisinə yol vermədən, sülh yolu ilə ermənilərin  torpaqlarımızı azad etmələrini istəyirdi.
Ancaq cənab Prezident Azərbaycan Ordusunun gücünə, gənclərimizin rəşadətinə çox inanırdı. O, çox yaxşı bilirdi ki, ordumuzda xidmət edən zabit və əsgərlərimiz onun əmrini gözləyirlər.
Bu gün Polad Həşimov kimi generallarımız, Mübariz, Fərid, Qurban kimi minlərlə oğullarımız Vətənimizin keşiyindədirlər. Onlar çox yaxşı bilirlər ki, Ölkə Başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə ordumuza və orduda qulluq edən hər bir əsgərə və zabitə, o cümlədən şəhid ailələrinə, Qarabağ Veteranlarına, Qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır, onların bütün problemlərinin həllinə çalışırlar.
Azərbaycan xalqı müharibə şəraitində yaşasa da, hər gün itkilər versə də, mülki insanlara göstərilən sonsuz dəhşətləri görsə də, bu günlər Füzuliyə, Xudafərin körpüsünə, Zəngilan şəhərinə üç rəngli Azərbaycan Bayrağının sancılmasından, kəndlərimizin işğaldan azad olunmasından daha çox sevinir və həsrətin sona çatmasına görə şanlı Ordumuza və Ali Baş Komandana sonsuz minnətdarlıqlarını bildirirlər.
Artıq “Xüdafərin körpüsü” “İpəkyolu” missiyasını bir daha davam etdirəcək, 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevanın köməkliyi ilə dünyanın mədəni irs siyahısına daxil olacaq, Zəngilan şəhəri isə öz qədim və möhtəşəm Çinarları ilə, Cəbrayıl və Füzulimiz isə tarixi abidələri və sərin bulaqları ilə ölkəmizə gələn turistlərə xüsusi zövq verəcəkdir.
Öz yenilməz sərkərdəsi, güclü Ordusu və böyük tarixi olan Azərbaycan xalqı işğal altında olan torpaqlarını tam azad etdikdən sonra həmin torpaqlarda yeni həyat bərqərar olacaq, bizlərə daha gözəl, daha mənalı, daha qüdrətli bir ölkədə-Azərbaycanda sakit və rahat yaşamaq qisməti yetişəcəkdir.
Azərbaycan Ordusuna, Azərbaycan xalqına və Böyük bir millətin, xalqın etimadını doğruldan, Heydər Əliyev siyasi irsini ləyaqətlə və şərəflə daşıyan Ölkə Başçımıza, Ali Baş Komandana, eşq olsun!
Uzun illər həsrətlə Qələbə müjdəsi gözləyən millətimizin hər bir üzvü harada yaşamasından asılı olmayaraq Müstəqil Azərbaycana öz sədaqətini əməli fəaliyyəti ilə göstərməli, dövlətimizin və dövlətçiliyimizin daha da inkişafına və tərəqqisinə çalışmalıdır.
Ulu Tanrı ordumuzun hər bir əsgər və zabitini, xalqımızı və ölkə Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevi qorusun!


Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Vasif Rəhimov 

Keçidlər