Şriftin ölçüsü :

Saytın rəngi :

Həm beynəlxalq hüquq baxımından, həm də tarixi ədalət baxımından Azərbaycan xalqı haqlıdır

14 oktyabr 2020 | 16:00

Uzun illərdir ki Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq, ölkəmizin imicinə zərbə vurmaq erməni diaspor təşkilatlarının gündəliyində olan məsələlərdir.
İlham Əliyevin son döyüşlərlə bağlı Türkiyənin “Haber Qlobal” telekanalına verdiyi müsahibəsində bildirdiyi fikirdə Türkiyənin mətbuat nümayəndələrinə etdiyi təşəkkür xüsusi yer tutur. Belə ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük səylər göstərməliyik. Demək olar ki, Azərbaycan kanalları və mətbuat orqanları ilə yanaşı gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, mətbuat orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.
Oktyabrın 10-da atəşkəs rejimi tətbiq olunandan sonra da Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Atəşkəsin əldə olunması ilə hərbi mərhələnin artıq başa çatmasını güman etsək də Ermənistan tərəfindən atəşkəs pozulmuşdur. Ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayətlər törədilmişdir. Gəncə şəhəri raketlər ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Azərbaycan xalqı heç vaxt mülki şəxslərlə müharibə aparmayıb, bu gün də aparmır. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Belə hadisələr erməni faşizminin eybəcərliyini təcəssüm etdirir. Hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və ora gedən xarici səfirliklərin nümayəndələri bu hadisələrin canlı şahidi oldular.
  “Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi” – öz müsahibəsində cənab İlham Əliyev bunu xüsusilə vurğulayıb.
Ermənilər döyüş meydanında məğlub olub uduzur.. Azərbaycan ordusu hər gün yeni uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir. Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki şəxslərdən çıxmaq istəyir. Bu onların artıq  adətinə çevrilmişdir.
Ermənistan  Azərbaycana qarşı hər zaman təcavüzkar siyasət yürüdüb. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq bu günkü dövrdə, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatların çatdırılması o qədər də çətin məsələ deyil.
Digər tərəfdən də Azərbaycan haqq yolundadır. Həm beynəlxalq hüquq baxımından, həm də tarixi ədalət baxımından Azərbaycan xalqı haqlıdır. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.
Bizim əsas işimiz ondan ibarətdir ki, öz ərazi bütövlüyümüzü  bərpa edək. Bunun üçün bizim kifayət qədər gücümüz var.
İlk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, hörmətli prezident cənab Rəcəb Tayyib Ərdoğandan səslənən  dəqiq açıqlamalar , eyni zamanda digər yüksək səviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda bütün dünyaya göstərdi ki , Türkiyə Azərbaycanın yanındadır. Türkiyə bu məsələnin  siyasi yollarla həll olunmasında fəal rol oynayır. Bu gün  Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu qərb ölkələrinin bir çoxu qəbul etmək istəmir. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir.
  Ermənilər öz orduları haqqında əfsanə uydururlar. Azərbaycan ordusu göstərir ki, kim kimdir. Bu reallıqlarla gərək həm Ermənistan, həm də onun havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Azərbaycan ordusunun xilaskarlıq missiyası davam edir. Biz də qan tökülməsini istəmirik. Onda gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, sona qədər gedəcəyik.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi müsahibədə bunu da xüsusilə vurğulayıb “ Biz istəyirik ki, hərbi məsələ dursun, qan tökülməsin, şəhidlər olmasın, sülh yolu ilə öz torpaqlarımızı azad edək”
İşğaldan azad edilmiş torpaqlarımızı cənnətə çevirəcəyik. Onsuz da həmin yerlərin mənzərəsi cənnətdir. Uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaqlar canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar!
Qarabağ Azərbaycandır!

Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin direktoru Maqsud Əhmədov

Keçidlər