Şriftin ölçüsü :

Saytın rəngi :

İndi Ermənistan üçün imtahan vaxtıdır. Baxaq görək nə öyrənə biliblər

02 oktyabr 2020 | 16:00

Deputat köməkçisi, hüquqşünas Namiq Mustafayev

Azərbaycan ordusunun ali baş kamandanın rəhbərliyi ilə bu günlərdə əldə etdiyi uğurlar yaşadığımız əlamətdar hadisələr hər bir azərbaycanlı üçün əlbəttə ki, qürurvericidir.
Ermənistan tərəfi növbəti dəfə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuş, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərimiz, yaralananlarımız olmuşdur. Əlbəttə ki, Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi.
Bilirsiniz ki, müasir dövrdə yalnız müharibə meydanı ilə məhdudlaşmayan cəbhə informasiya sahəsində də ciddi dərəcədə təsirə malikdir. Ermənistan tərəfi hər zaman öz yalan, böhtan, riyakar, satqınçılıq və s. kimi digər tarixi, ənənəvi “dəyərlər”inə sadiq qalmaqla informasiya cəbhəsində də son dərəcə yaradıcı təfəkkürün məhsulu olan həqiqətdən uzaq xəbərlər uyduraraq dünya mediyasına tirajlamaqda davam edir.
Lakin, onlar artıq bu sahədə də geridə qalır. Çünki yalanları ifşa olunur və özlərinə qarşı istifadə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə də qeyd etdiyi kimi onlar indi nəyisə gizlətməyin çox çətin olduğunu nəzərə almırlar. Çünki müasir texnologiyalar, obyektiv müşahidə formaları, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır.
Xəyanəti, riyakarlığı, təcavüzkarlığı özlərində dövlət siyasəti, brendi halına gətirən, öz qonşularına qarşı daim torpaq iddaları ilə çıxış edən Ermənistan dövlətinin İran istisna olmaqla qonşu dövlətlərindən heç biri ilə normal münasibəti olmaması və hazırki müharibə şəraitində bir çox dünya ölkələri tərəfindən dəstəklənməməsi onların bu sahədə də apardığı uğursuz və yarıtmaz siyasətin göstəricisidir.
Yeri gəlmişkən hesab edirəm ki, KİV-lərdən də gördüyümüz kimi bəzi ölkələrin açıq şəkildə olmasa da təcavüzkar Ermənistana müəyən formada (hərbi, siyasi və s.) dəstəyinin səbəbi öz varlıqlarını qorumaq, parçalanma təhlükəsindən ehtiyyat etmək, millətçilik və s. kimi hallarla bağlıdır.
Ermənistanın hər vəclə təxribat xarakterli məlumatlar tirajlamasının məqsədi təbii ki beynəlxalq ictimaiyyətin diqqətini özünə yönəltmək, onları yenə özlərinə acındırmaqla münaqişəyə çəkməkdir.
Lakin, Prezidentimiz “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə, eyni zamanda digər mötəbər arenalardakı əsaslı, tutarlı tarixi faktlara, rəsmi sənədlərə istinadən çıxışlarında Ermənistan rəhbərliyinin yalanlarını hər zaman ifşa edərək onları gülünc vəziyyətə salmış, əslində bu ölkənin apardığı siyasətin iç üzünü gözlər önünə sərmişdir.
Prezident məlum müsahibədə qeyd etmişdir: “Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.
Cənab Prezidentin İctimai və Real Tv-yə müsahibəsi zamanı səsləndirdiyi məsələni xatırlatmaq istərdim.  Prezident qeyd etmişdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü soyadları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə də zərbə vursunlar. Hazırda Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görür, ideoloji iş aparırlar. Cənab prezident eyni zamanda Azərbaycanın bütün dövrlərdə Gürcüstanın yanında olduğunu, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərdiyini bildirərək, Gürcüstan xalqının əslində dostunu da düşmənini də yaxşı tanıdığını vurğulamışdır.
Qeyd edim ki, bu günlərdə cəbhədən aldıqları zərbədən təsirlənən erməniləri öz ərazisindən silah-sursatın keçirilməsinə icazə verməməsinə dair Gürcüstan Respublikasının tutduğu mövqe daha da hiddətləndirmiş, onların təxribat xarakterli addımlarını daha da alovlandırmışdır. Lakin sosial mediadan göründüyü kimi, bu fəaliyyət onlar üçün gözlənilən nəticəni verməyərək, gürcü və ermənilər arasında münasibətlrin getdikçə pisləşməsi ilə nəticələnir.
Təxribatın bu cür nəticələr doğurmasında əlbətdə ki cənab prezidentin apardığı xarici siyasətin və yuxarıda qeyd edilən vaxtında verilmiş müsahibəsinin rolu əvəzsizdir.
Həmçinin xatırlayaq ki, bu ilin fevral ayının 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Ermənistan Respublikasının baş nazirinə növbəti dəfə tarixi dərs vermiş və bu xəbər dünya mediyasında “Prezident İlham Əliyevdən Nikol Paşinyana tarixi dərs!” kimi başlıqlarla tirajlanmışdır.
Təbii ki biz daha əvvəl də, həm müharibə, həm siyasət meydanında onlara dərslər verdik. İndi Ermənistan üçün imtahan vaxtıdır.
Baxaq görək nə öyrənə biliblər?!

Keçidlər