Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən güvənirəm! Hər kəs güvənsin!”

14 avqust 2020 | 16:00

B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb. Müxtəlif sosial şəbəkələrdə bu məlumatın yayılması demək olar ki, hər bir azərbaycanlını  narahat edib. Bir azərbaycanlı olaraq düşmənin mövqeyini bilərək bu xəbərə laqeyd qalmaq mümkün deyil. İki ölkənin müharibə yaşadığı bir zamanda onlardan birinə silahların verilməsi, satılması qarşı tərəfə olan düşmən mövqedən xəbər verir.
Düşmənlə dost olan, bizə dost ola  bilməz! Lakin istehsalı Serbiya olan bu silahların kimin vasitəsilə Ermənistana çatdırılması, hansı məqsədlə səfirliyə açıqlama verilməsi hələ də tam məlum deyil. Serbiyada da kifayət qədər erməni yaşayır. Vətəndaş mövqeyini göstərmək, eyni zamanda  Azərbaycanın Serbiya ilə olan münasibətlərinin gərginləşməsi məqsədi ilə də silahlar düşmənə çatdırıla bilər. Müxtəlif fərziyələr, fikirlər yaranır. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının aidiyyətı  dövlət qurumları da bu məsələyə laqeyd qalmadı. Azərbaycan Dövlətinin narazılığı Serbiya Respublikasına çatdırıldıqdan sonra ciddi araşdırmalar aparılır. Serbiyanın Ermənistana silah satışında maraqlarının nə dərəcədə olduğu əminik ki, yaxın, çox yaxın zamanlarda müəyyənləşəcək. Lakin mən çox inanmaq istərdim ki, Serbiyanın dövlət olaraq bu məsələdə “əli” yoxdur.
Azərbaycan Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Mayın 20-də Azərbaycandan Serbiyaya humanitar yardım aparan təyyarəni Belqrad aerportunda qəbul edərkən bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi. İllər öncə 2014-cü ilin daşqınından sonra Azərbaycan Serbiyaya ilk yardım etmiş ölkə idi. Hər zaman biz Serbiyaya dost mövqeyimizi göstərdik!
Mən çox inanmaq istərdim ki, Serbiya insanların günahsız tələf olmasının tərəfdarı deyil! Düşmən olan iki dövlətdən birinə silah yardımı etmək, günahsız körpələrin, anaların,  yaşamaq, yaratmaq eşqi olan gənclərin, dünyagörmüş ahılların həyatına son qoymaq deməkdir. Mən bir ana olaraq, bir qadın olaraq inanmaq istəmirəm! İnanmaq istəmirəm ki, silahlarla gücləndirilən dövlətə dost mövqeyi bildirən Serbiya azərbaycanlıları sevmir. İnanıram ki, bu ermənilərin fitnəsi, Serbiya ermənilərinin təxribatı və çoxdan hazırlanmış planıdır. Bizi Serbiya ilə düşmən etmək planı!
Mən əminəm ki, müvafiq qurumlar tərəfindən araşdırma aparıldıqdan sonra, hər kəs ermənilərin pis əməllərinin bir daha şahidi olacaqdır.
Güclü ordusu, tədbirli, uzaqgörən Ali Baş Komandanı  olan Azərbaycan xalqını heç nə qorxuda bilməz! Bizim silahımız da var, sürsatımız da. Mərd oğullarımız da, qızlarımız da! Xalqını düşünən, ona qarşı atılan düşmən addımlarını qabaqcadan görməyi bacaran, mahir şahmatçı kimi düşünərək sərrast qərarlar verən  rəhbərimiz də! Biz güvənirik! Ölkə rəhbəri İlham Əliyevin uzaqgörənliyinə, tədbirliliyinə, vətənsevərliyinə, insansevərliyinə!
Biz güvənirik! Hər kəs güvənsin! Biz Birlikdə Güclüyük!

Keçidlər