Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz gənc könüllülər daim cənab Prezidentin qayğısını öz üzərimizdə hiss edirik!!!”

09 avqust 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə

Koronavirus pandemiyası ilə aparılan mübarizə şəraitində Azərbaycan Respublikasının bütün dünyaya nümayiş etdirdiyi qlobal həmrəylik müstəqil dövlətimizin və dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzunu artırmaqdadır.

Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videokonfrans formatında müşavirə keçirərək bir sıra mühüm mövzulara toxundu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər öz müsbət təsirini günü-gündən göstərməkdədir. Artıq virusun yayılma dinamikası aşağı düşməkdədir. Cənab Prezidentin də vurğuladığı kimi, hazırda xəstəliyə qarşı mübarizəyə tam nəzarət edirik və bu davam edəcək. Pandemiya başladığı müddətdən–2020-ci ilin əvvəllindən cənab Prezident tərəfindən verilən qərarlar, qurulan modul tipli xəstəxanalar, tibb müəssisələri, pandemiya dövründə işsiz şəxslərə ayrılan 190 manat məbləğində birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaşı sevindirməkdədir. Bundan əlavə, dövlətimiz dünyanın müxtəlif qitələrində koronavirusla mübarizədə xüsusi çətinliklərlə üzləşmiş ölkələrə, pandemiya ilə əlaqədar öz ölkəsinə qayıda bilməyib Azərbaycanda qalan çoxsaylı insanlara yardım göstərmiş, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə böyük həcmdə maliyyə yardımı etmişdir.
Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası artıq uzun müddətdir ki, iqtisadi cəhətdən müəyyən yardım alan ölkələrdən fərqlənərək dost xalqlara və dövlətlərə yardım edən güclü dövlət kimi pandemiyanın fəsadlarının aradan qaldırılması üçün öz töhfəsini vermişdir . Onu da vurğulamaq lazımdır ki, tibb işçilərimiz də cənab Prezidentin dəstəyi və qayğısı ilə öz işlərini canla-başla yerinə yetirirlər. Bu çətin günlərdə insanlar daima dövlətin qayğısını öz üzərində hiss edir və məsuliyyətli davranır. İnanıram ki, qısa müddət sonra artıq biz bu xəstəliyə tam qalib gələcəyik. Bunun üçün də ilk olaraq, hər birimiz koronavirusla mübarizədə Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən müəyyənləşdirilmiş qaydalara əməl etməli, bununla bağlı öz ətrafımızdakı insanları maarifləndirməli, dünyamızın xilası naminə bir-birimizə dəstək olmalıyıq.
Təəssüf ki, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə, öz yarıtmaz siyasətini ört-basdır etmək üçün Ermənistan yenidən xaincəsinə təxribata əl atıb atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətindən keçən hissəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etdimişdir. Azərbaycan sərhədinə hücum edən Ermənistan hərbi birləşmələri ağır zərbələr alaraq geriyə çəkilməyə məcbur oldu. Belə bir zamanda bu cür təxribatı törətmək qarşımızdakı düşmənin vəziyyətinin necə acınacaqlı olduğunu göstərməkdədir. Təəssüf hissi ilə qeyd edirəm ki, dövlət sərhədlərimizin qorunması naminə şəhidlər də oldu. Şəhidlərini torpağa tapşıran xalq, xüsusilə də gənclərimiz müxtəlif şüarlarla Ordumuza, Ali Baş Komandanımıza öz dəstəyini nümayiş etdirdi. Təəssüflər olsun ki, dəstək yürüşlərindən öz bədnam niyyətləri üçün istifadə edənlər də tapıldı. Beləliklə, yürüş iştirakçılarının azsaylı hissəsi, qanunazidd əməlləri ilə əslində pozuculuğa maraqlı olan qüvvələrin və “beşinci kolon” təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-milli məqsədlərinə xidmət göstərmiş oldu. Əfsuslar olsun ki, biz artıq radikal müxalifətin başımıza gələn faciələri öz xeyirləri üçün istifadə etdiyinin davamlı şəkildə şahidi oluruq. Xalqımızın pis gününə sevinənlərin – neftin qiymətinin düşdüyünü bayram edən, karantin rejiminin uzadılmasından zövq alan, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanı haqsız tərəf kimi göstərməyə cəhd edən kəslərin damarlarında heç şübhəsiz ki azərbaycanlı qanı axmır! Bu müddət ərzində bir daha dünya müşahidə etdi ki, Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır, xalqın öz Prezidentinə - Ali Baş Komandanına inamı sonsuzdur və hər zaman onun yanındadır. Deyərdim ki, bu bizi güclü edən ən əsas amillərdəndir.
Bütün dünyanın qlobal pandemiya bəlası ilə üzləşdiyi çətin bir dövrdə ölkəmizdəki mövcud inkişaf proseslərinin sürətlə davam etməsi, qazanılmış böyük uğurlarla yanaşı, qarşıda duran mühüm vəzifələrin müəyyən edilməsi ölkəmiz üçün çox mühim məsələdir. 2018-ci il Prezident seçkilərində cənab Prezidentin “seçki platforması”nda yer almış vətəndaşmərkəzli sosial siyasətin həyata keçirilməsi sahəsində bu il də böyük işlər görülmüşdür. Biz gənc könüllülər daim cənab Prezidentin qayğısını öz üzərimizdə hiss edirik. Nəzərə alsaq ki, könüllülərin əksəriyyətini gənclər təşkil edir, o zaman qeyd etməliyik ki, cənab Prezident tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunması, bu diqqətin ən gözəl təzahürüdür. Bizlər bu qayğıdan stimul alır, rayon ərazisində cənab Prezidentin siyasətini həyata keçirən rayon icra hakimiyyətinin biz gənclərə yaratdığı şəraitdən maksimum istifadə edərək, hərəmiz öz sahəmizdə layiqli şəkildə fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq.

Keçidlər