Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü ol Azərbaycan Əsgəri! Bu dövlət və bu xalq sənin dayağındır!

31 iyul 2020 | 16:00

Milli güləş növü üzrə Avropa və Dünya çempionu, Suraxanı rayon sakini Rəsul Səfərov:
Güclü ol Azərbaycan Əsgəri! Bu dövlət və bu xalq sənin dayağındır!

Tarix boyu bizim qəhrəman ata-babalarımız bütöv Azərbaycanımız uğrunda savaşlarda iştirak edərək canından, qanından keçmişlər. Biz də bu şərəfli missiyanı, torpağ uğrunda ən layiqli mübarizəni gecə-gündüz bilmədən aparmalıyıq. Bu bizim ən birinci vəzifəmiz, ən ümdə məqsədimiz olmalıdır!
Bu gün həyasızcasına öz arsız siyasətini davam etdirən, atəşkəs rejimini mütəmadi pozan, doğma torpaqlarımızı əsarəti altında saxlayan Ermənistana qarşı mübarizə aparan, Vətən torpaqlarımızın keşiyini çəkən rəşadətli Azərbaycan Ordusu var!
Azərbaycanın şanlı tarixinə yazılan Aprel döyüşləri kimi daha bir tarix,12 iyul, bu tarixdə baş vermiş hadisələr Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandı. Real həyatda, sosial şəbəkələrdə sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getməyini, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi hisslərini, gənclərimizin virtual mübarizəsini gördükcə qürurlanmamaq mümün deyildi!
Bəli, bu millətimizdə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. İndi nəinki özümüzü bir çox hərbi təyinatlı sursatlarla təmin edirik, hərbi sursat ixracı belə həyata keçiririk. Qeyri-neft sektorunun inkişafını prioritet seçən Azərbaycan hazırda sənaye məhsullarının istehsalında uğurlu addımlara imza atır. Ölkəmiz silah istehsalında da öz brendini yarada bilib. Artıq ixrac idxalı üstələyir.
Orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar əsas amillərdir. Əlbəttə ki, bir də hərbi-vətənpərvərlik hisslərinin aşılanması və gücləndirilməsi. Bəli, bu gün hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməkdədir. Vətənpərvərlik hisslərinin gücləndirilməsində hər bir Azərbaycan vətəndaşı cavabdehlik daşıyır. Valideyin kimi, müəllim kimi, məşqçi kimi, peşəmizdən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi gənclərimiz və gələcəyimizi milli ruhda, vətənpərvərlik ruhunda böyütmək, formalaşdırmaq ən birinci vətəndaşlıq borcumuzdur.
Gənclərimiz bilməlidirlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək böyük məharət, hünər, güc tələb edir.
Biz həyatın bütün sərhədlərində bir yumruq kimi olmalıyıq və ən layiqli mübarizəni aparmalıyıq ki, Əliyar Əliyevdən, Mübariz İbrahimovdan, Polad Həşimovdan və neçə neçə Vətən övladından, Şəhidlərimizdən halallıq ala bilək..
Vətənpərvərlik yaşadığımız məhəlləmizi təmiz saxlamaqdan tutmuş, vəzifəmizi vicdanla yerinə yetirmək, övladını düzgün tərbiyə etmək kimi sadə bildiyimiz ancaq ən vacib məsələlərdən başlayır. Müharibə etmək asan deyil, güclü olmalıyıq və durmadan güclənməliyik və bu yolda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.
Yeniyetmələrə, gənclərə demək istəyirəm ki, müharibə pisdir, torpaq itirmək ondan da pisdir. Bilin ki, müharibələr tək səngərdə qazanılmır. Bəs onda biz nə etməliyik?! Oxumalıyıq, inkişaf edib güclənməliyik! Çünki bütün müharibələrdə dünya güclülərin yanında olub. Güclü proqramçı olun, elmlə məşğul olun, yaxşı helikopter idarə edin və ya gündəlik gördüyünüz işi vicdanla görün! Məhz vicdanla işini görmək bu ölkənin inkişafına xidmət edəcək, Şəhidlərimizin ruhunu şad edəcək və gecə gündüz yorulmadan bizi qoruyan Azərbaycan Əsgərinə mənəvi dəstək olacaq!
Əsgər ordunun əsasını təşkil edir! Qısa müddətdə onun hərbi vərdişlərə yiyələnməsi, müxtəlif növ silahlardan istifadə etməyi öyrənməsi, fiziki cəhətdən möhkəm və mənəvi cəhətdən sağlam olması son dərəcədə vacibdir. Zabit korpusunun səy və bacarığı sayəsində həmin vəzifələr uğurla yerinə yetirilir. Ölkəmizin iqtisadi qüdrətinin sürətlə artması, dövlət başçısı tərəfindən ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması öz səmərəsini verib və verəcəkdir.
"Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma istəyirik ki, ordumuz daha güclü olsun. Orduda xidmət edən zabitlərin, əsgərlərin şəraiti daha yaxşı olsun. Siz görürsünüz ki, mənim fəaliyyətimin əsas istiqamətlərindən biri də ordunu gücləndirməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ibarətdir. Biz güclü orduya malikik, amma hər gün, hər an bu istiqamətdə daha böyük addımlar atmalıyıq. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Şübhə etmirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Amma, əbəttə, biz istərdik, bu, sülh yolu ilə olsun"- İlham Əliyev, Azərbaycan Respublikasının Ali Baş Komandanı
Güclü ol Azərbaycan Əsgəri! Bu dövlət və bu xalq sənin dayağındır!

Keçidlər