Şriftin ölçüsü :

Saytın rəngi :

Ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir...

29 iyun 2020 | 16:00

Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbin Çağırışaqədərki Hazırlıq üzrə rəhbəri, Kapitan Seymur İsayev

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun Silahlı Qüvvələr günü elan olundu. 2011-ci ilin iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr günü və müstəqilliyin bərpasının 20 illiyi münasibəti ilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.
Bu möhtəşəm paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcədə Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika gəmilər 70-dən artıq uçuş vasitəsi o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar raket və artilleriya qurğuları hava hücümundan müdafiə sistemləri helikopterlər pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri SU-25 hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında 3 rəngli bayrağımızın möhtəşəm əksini yaratdılar.
Bütün bunlar onu göstərdiki, son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat texniki avadanlıq gətirilib. Hazırda maddi-texniki tachizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.
Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusunun mənəvi-psixoloji döyüş ruhu, sosial ictimai texniki-təchizatı, silah-sursatı peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra -2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan MR-nın 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi qarşıya qoyulan məqsədə nail olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: 2016-cı ilin Aprel döyüşlərində 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı qaldırıldı. Bunun çox mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqaddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Bir sözlə ölkəmizdə ordu quruculuğu davam edir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bir sözlə 102 illik tarixi olan Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Ordumuz buna qadirdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev Azərbaycan Ordusuna xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişlər verir, hərbiçilərimizin göstərdikləri igidlikləri daim yüksək qiymətləndirir. Buna bariz nümunə kimi Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında imzaladığı sərəncamları qeyd etmək yetərlidir. Sərəncama əsasən bir nəfərə general-polkovnik, iki nəfərə general-mayor, bir nəfərə kontr-admiral hərbi rütbəsi verilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə isə Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər də təltif olunub.
Belə ki, 3 nəfər Azərbaycan Bayrağı, 5 nəfər 3-cü dərəcəli Vətənə xidmətə görə ordenləri, 17 nəfər Vətən uğrunda , 9 nəfər İgidliyə görə, 25 nəfər Hərbi xidmətlər görə medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun 102-ci ildönümü ərəfəsində Ali Baş Komandanın iyunun 25-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında iştirak etməsi, hərbiçilərlə görüşdə çıxış etməsi və ordumuzun hərbi hazırlığını yüksək qiymətləndirməsidə bu bayram ərəfəsində şəxsi heyətin qələbə əzmini bir daha artırdı.
Bu gün Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən- günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə xəritə bütövlüyünün bərpa ediləcəyi günün ərəfəsindədir.
Ordu quruculuğu Vətənə sevgidir, dövlətçiliyə sədaqətdir...

Keçidlər