Suraxanıda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər davam etdirilir
13 iyun 2025 | 14:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 İyun tarixli Sərəncamı ilə 18 İyun tarixi ölkəmizdə İnsan hüquqları günü kimi təssis olunub.
Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may – 18 iyun tarixləri Ombudsman tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və qəsəbə bələdiyyələrində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İyunun 10-da Hövsan bələdiyyəsi tərəfindən 118 saylı tam orta məktəbdə “Erkən nikahın və qohum evliliyinin fəsadları” mövzusunda, iyunun 11-də Yeni Suraxanı bələdiyyəsi tərəfindən 101 saylı tam orta məktəbdə “Vətəndaş cəmiyyəti və gender problemi” mövzusunda, iyunun 12-də isə Bülbülə bələdiyyəsi tərəfindən 327 saylı tam orta məktəbdə “İntihar-yeniyetmə və gənclər arasında aktual problem kimi” və Zığ bələdiyyəsi tərəfindən 315 saylı tam orta məktəbdə “Qadın hüquqları, müasirlik və Azərbaycan reallığı” mövzusunda tədbirlər təşkil olunub.
Tədbirlərdə Suraxanı RİH yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri, psixoloqlar, din xadimləri, bələdiyyə sədrləri, rayon sakinləri iştirak ediblər.
Mövzularla bağlı sosial çarxlar nümayiş olunub, çıxışlar təqdim edilərək müzakirələr aparılıb.






