Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü rayon sakini Babayev Arif Eyvaz oğlunun doğum günüdür

25 may 2023 | 14:00
Bu gün, 25 may 1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Suraxanı rayon Ağsaqqallar şurasının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 411 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 1959-cu ildən F.Dzerjinski adına Bakı maşınqayırma zavodunda (hazırki “Suraxanı maşınqayırma zavodu” ASC) müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, 1983-cü ildən zavodun direktoru, 2002-ci ildən 2021-ci ilədək isə İdarə Heyətinin sədri vəzifəsində çalışmış, rayon sakini Babayev Arif Eyvaz oğlunun doğum günüdür.
Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin də bir-neçə dəfə rayona səfəri zamanı görüşdüyü rayon ağsaqqalı Arif Babayev rayonun ictimai-siyasi həyatında hər zaman yaxından və fəal iştirak edərək yüksək ziyalılığı, dünyagörüşü, təcrübəsi, xeyirxahlığı ilə rayon sakinlərinin böyük rəğbətini qazanmışdır.
“Suraxanı maşınqayırma zavodu” ASC-də işlədiyi müddət ərzində işgüzar, savadlı mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı bir rəhbər olmuş, zavodu bir çox xarici ölkələrdə layiqincə təmsil etmişdir. Fəhlə və qulluqçuların sosial-məişət məsələlərinin həlli üçün səy göstərmiş, bunun nəticəsində yüzlərlə işçinin mənzillə və torpaq sahəsi ilə təmin edilməsinə nail olmuşdur.
İşlədiyi müddətdə istehsalın səmərəli təşkili ilə bağlı onlarla müəlliflik şəhadətnamələrinin və səmərəliləşdirici təkliflərin müəllifi olmuş, SSRİ-nin bir sıra orden və medalları, fəxri fərmanları ilə təltif edilmiş, 1985-ci ildə Azərbaycan əməkdar maşınqayıranı fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2007-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti və rayon rəhbərliyi hörmətli və dəyərli Arif müəllimin şərəfli fəaliyyətini yüksək qiymətləndirir. RİH və rayon ictimaiyyəti adından ziyalımız, rayon ağsaqqalımız Arif Babayevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ruh yüksəkliyi və tükənməz həyat enerjisi arzulayırıq!
 
Keçidlər