Şriftin ölçüsü :

Saytın rəngi :

84 №-li tam orta məktəbdə "İnnovativ məktəb" layihəsinin təqdimatı keçirilib

08 dekabr 2025 | 09:29
84 №-li tam orta məktəbdə "İnnovativ məktəb" layihəsinin təqdimatı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində iştirak hüququ qazanan 84 №-li tam orta məktəbdə layihənin təqdimatı keçirilib.
Tədbirdə məktəbin direktoru Röya İslamova, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Fərəh Məcidzadə, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, rayon ictimaiyyətinin nümayəndələri, məktəb icması, müəllim-şagird kollektiv və valideynlər iştirak ediblər.
Öncə tədbir iştirakçıları tərəfindən məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanmış sərgi, STEAM və rəqəmsal bacarıqlar dərslərində şagirdlərin hazırladığı layihələr, kimya və fizika fənnindən əldə etdikləri biliklər əsasında apardıqları reaksiyalar və təcrübələr, idmanın müxtəlif növlərinindən əldə edilən uğurlar iştirakçılara nümayiş olunub.
Daha sonra akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq bildirib ki, Suraxanı rayonu üzrə yalnız 84 nömrəli tam orta məktəb olmaqla sözügedən layihədə Bakı şəhərindən 5 məktəb iştirak hüququna layiq görülüb. Bu məqsədlə məktəbin direktoru Röya İslamova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova, biologiya müəllimi Aytəkin Quliyeva, fizika müəllimi Sahilə Süleymanova 26 oktyabr-13 noyabr 2025-ci il tarixlərində İsraildə təşkil edilmiş “Təhsildə liderlik” təlimlərində iştirak ediblər.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova çıxış edərək dedi ki, layihənin məqsədi müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyasını təmin etmək, eləcə də təhsildə liderliyin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov və çıxış edən digər natiqlər təhsil liderliyi və innovativ idarəçilik, mentorluq dəstəyi, STEAM və texniki fənlər üzrə praktiki yönümlü yanaşmaların tətbiqi, digər innovativ məktəblərlə şəbəkələşmə, qarşılıqlı öyrənmə imkanları, layihə çərçivəsində məktəbin brendinin gücləndirilməsi, nümunəvi öyrənmə mərkəzinə çevrilməsi və başqa mövzularda öz təəssüratlarını bölüşüblər.
Təqdimatda komandanın yiyələndiyi bilik və bacarıqlar, təhsildə gözlənilən yeni yanaşmalar, innovativ məktəb olaraq məktəbin pedaqoji heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb.
Keçidlər