Fevralın 11-də “narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir Ə.Eyvazov adına 275 №-li tam orta məktəbdə keçirilib
Növbəti dəfə fevralın 11-də Suraxanı Rayon Polis İdarəsinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir Suraxanı rayonu, Ə.Eyvazov adına 275 №-li tam orta məktəbdə keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavini Könül xanım Axundova, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat vermişdir.
Həmçinin, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov və Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat vermiş, sağlam həyat tərzinin üstünlüklərini onlara hərtərəfli çatdırmış, eləcə də ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən bəhs etmişlər.
Tədbirdə şagirdlərin təqdimatında narkotik vasitələrdən istifadə, onun yaratdığı fəsadlardan bəhs edən video-çarx və tamaşa nümayiş olunmuşdur.